---
title: "Vezikoureteral reflyuks: həkimlər üçün | Uşaq Urologiyası"
description: "Həkimlər üçün: uşaqlarda vezikoureteral reflyuks, dərəcələr, MSUQ göstərişləri, AAP 2026 risk qrupları, antibiotik profilaktikası və əməliyyat göstərişləri."
lang: az
url: https://usaqurologiyasi.com/hekimler/vezikoureteral-reflyuks/
---

# Vezikoureteral reflyuks

VUR-u kimdə axtarmaq lazım olduğunu bilmək, risk qrupunu təyin etmək, kimə profilaktika və kimə əməliyyat lazım olduğunu müəyyən etmək.

Müəllif: [Dr. Pərviz Hacıyev](/haqqinda/), uşaq uroloqu (FEAPU).

Uşaq uroloqları, uroloqlar, uşaq cərrahları, pediatrlar və rezidentlər üçün 10 addım ~15 dəq

Məzmun

1.  Məqsədlər
    1.  [Bu mövzunu oxuduqdan sonra](#addim-1)
2.  Əsaslar
    1.  [Vezikoureteral reflyuks (VUR)](#addim-2)
    2.  [VUR dərəcələri](#addim-3)
3.  Diaqnostika
    1.  [VUR necə aşkarlanır?](#addim-4)
    2.  [Kimə MSUQ lazımdır?](#addim-5)
4.  Müalicə
    1.  [AAP 2026: VUR-da risk qrupları](#addim-6)
    2.  [Antibiotik profilaktikası](#addim-7)
    3.  [VUR-da əməliyyat göstərişləri](#addim-8)
    4.  [Uzunmüddətli izləmə](#addim-9)
5.  [Test](#addim-10)

Addım **1** / 10

Məqsədlər

## Bu mövzunu oxuduqdan sonra

-   VUR-un birincili və ikincili formalarını ayırmaq.
-   MSUQ-a görə VUR dərəcəsini təyin etmək.
-   EAU və AAP 2026 təlimatlarına görə MSUQ göstərişlərini bilmək.
-   AAP 2026 risk qruplarını və antibiotik profilaktikası göstərişlərini tətbiq etmək.
-   Əməliyyat göstərişlərini və uzunmüddətli izləməni bilmək.
-   Sidik kisəsi və bağırsaq disfunksiyasının rolunu nəzərə almaq.

Klinik məsləhət

VUR-un idarəsində əsas məqsəd febril SYİ-nin və yeni böyrək zədəsinin qarşısını almaqdır. Ona görə qərar yalnız reflyuksun dərəcəsinə görə deyil, BBD, böyrək çapığı və infeksiya tarixçəsi ilə birlikdə verilir.

Əsaslar

## Vezikoureteral reflyuks (VUR)

VUR sidiyin sidik kisəsindən sidik axarına və böyrəyə geri axmasıdır. Birincili VUR sidik axarının sidik kisəsinə daxil olduğu yerdəki klapan mexanizminin yetişməməsi ilə bağlıdır və yaşla çox vaxt öz-özünə keçir. İkincili VUR obstruksiya (arxa uretral klapan, AUK) və ya neyrogen sidik kisəsi kimi sidik kisəsində yüksək təzyiq yaradan vəziyyətlər səbəbindən olur.

-   **1–2%** ümumi uşaq populyasiyasında
-   **30–50%** SYİ keçirən uşaqlarda (yaşdan asılı)
-   **~30%** VUR-lu uşağın bacılarında və qardaşlarında

Əsaslar

## VUR dərəcələri

Dərəcə

MSUQ-da (işəmə sistoqrafiyasında) görüntü

I

Kontrast yalnız sidik axarına çatır

II

Sidik axarı, ləyən və kalikslər dolur, genişlənmə yoxdur

III

Sidik axarı və ləyənin yüngül-orta genişlənməsi, fornikslər azca kütləşib

IV

Orta genişlənmə, sidik axarı dolanbac, fornikslər kütləşib, papillaların izi qalır

V

Kəskin genişlənmə və dolanbaclıq, papillaların izi itib

I–III dərəcəli reflyuks əksər uşaqlarda bir neçə il ərzində öz-özünə keçir; III dərəcədə keçmə ehtimalı I–II-yə nisbətən aşağıdır. Yüksək dərəcə, ikitərəfli reflyuks və BBD keçmə ehtimalını azaldır.

Diaqnostika

## VUR necə aşkarlanır?

-   **MSUQ** (işəmə sistoqrafiyası) VUR-un diaqnozu və dərəcəsinin təyini üçün əsas müayinədir; uretra və sidik kisəsinin anomaliyalarını da göstərir. Alternativ: kontrastlı miksiya urosonoqrafiyası (şüasız). Kəskin infeksiya dövründə edilmir.
-   **USM** VUR-u etibarlı aşkar etmir: AAP 2026 təhlilində ilk febril SYİ-dən sonra həssaslıq təxminən 50%, təkrarlanan SYİ-dən sonra təxminən 26% olub. Normal USM VUR-u istisna etmir, amma yüksək dərəcəli VUR ehtimalını azaldır.
-   **DMSA:** böyrək çapığını göstərir; infeksiyadan ən azı 6 ay sonra edilir (EAU, zəif). Çapıq VUR-un idarəsində əsas risk göstəricisidir.

Diaqnostika

## Kimə MSUQ lazımdır?

1.  EAU 2026 (zəif): 12 aylıqdan kiçik yaşda ilk febril SYİ (tipik infeksiya və normal USM olduqda ikinci infeksiyanı gözləmək də mümkündür); təkrarlanan febril SYİ, anormal USM və ya anormal DMSA; istənilən yaşda atipik SYİ.
2.  AAP 2026 (şərti): USM normal olan ilk febril SYİ-dən sonra rutin MSUQ tövsiyə edilmir. MSUQ bu hallarda təklif olunur: USM-də klinik əhəmiyyətli dəyişiklik, 2 yaşdan kiçik uşaqda ikinci febril SYİ, 2 yaşdan böyük uşaqda başqa izahı olmayan ikinci febril SYİ.
3.  "Yuxarıdan aşağı" yanaşma: əvvəl DMSA ilə böyrək zədəsi yoxlanılır, MSUQ yalnız DMSA anormal olduqda edilir. Seçim yaşa, riskə və yerli imkanlara görə uşaq uroloqu ilə birlikdə edilir.

SYİ-dən sonra görüntüləmə alqoritminin ətraflı müqayisəsi "Sidik yolu infeksiyası" mövzusunda verilib.

Müalicə

## AAP 2026: VUR-da risk qrupları

AAP 2026 ilkin tibbi yardım həkimi üçün VUR-u aşağı və yüksək risk qruplarına bölür; III dərəcəli VUR qeyri-müəyyən qrup sayılır. Bu bölgü uşaq uroloqu ilə məsləhətə qədər başlanğıc yanaşma kimi verilib; panelin uroloq və nefroloq üzvləri onu tam dəstəkləməyib.

Risk qrupu

Meyarlar

Profilaktika (AAP 2026)

Aşağı risk

I–II dərəcəli VUR və BBD yoxdur (bu tərifdə Roma meyarlarına görə funksional qəbizlik BBD sayılmır)

Rutin profilaktika tövsiyə edilmir (şərti, aşağı sübut)

Qeyri-müəyyən

III dərəcəli VUR

Ailə infeksiya riskinin azalmasını antibiotikdən uzaq durmaqdan daha vacib sayırsa, profilaktika məqbul seçimdir

Yüksək risk

IV–V dərəcəli VUR; intrarenal reflyuks; böyrək çapığı və ya nefropatiya; böyrəyin və ya sidik axarının struktur anomaliyası, böyrək qabığının dəyişikliyi; təkrarlanan pielonefrit; reanimasiyaya yatışla nəticələnən bakteriemiya; BBD (funksional qəbizlik bura daxil deyil)

Profilaktika seçim kimi nəzərdən keçirilir; uşaq uroloquna və ya uşaq nefroloquna göndərilir

-   Profilaktika ilə bağlı bütün qərarlar ailə ilə birgə verilir (yaxşı təcrübə bəyanatı).
-   VUR-un idarəsinə müşahidə, profilaktika, endoskopik inyeksiya və sidik axarının reimplantasiyası daxildir; seçim uşaq uroloqu və ya uşaq nefroloqu ilə birlikdə edilir.
-   Uşaq uroloquna birbaşa müraciət imkanı məhduddursa, onlayn məsləhətdən də istifadə etmək olar.

Klinik məsləhət

EAU ilə müqayisə: EAU təkrarlanan SYİ riski olan uşaqlara profilaktikanı güclü tövsiyə kimi təklif edir. AAP isə aşağı riskli VUR-da rutin profilaktikadan imtinanı vurğulayır. Hər iki yanaşmada BBD əsas risk faktorudur.

Müalicə

## Antibiotik profilaktikası

Təkrarlanan SYİ riski olan uşaqlara təklif edilir (EAU 2026, güclü). Gecə bir dəfə, müalicə dozasının təxminən dörddə biri ilə verilir. Böyük randomizə olunmuş tədqiqatlarda (RIVUR, PREDICT) profilaktika təkrarlanan SYİ riskini azaldıb, amma rezistent bakteriya riskini artırıb. Sidik yolları normal olan uşaqda birinci və ya ikinci SYİ-dən sonra profilaktikanın yeni böyrək zədəsini azaltdığı göstərilməyib.

-   Ən çox faydanı III–V dərəcəli VUR-lu körpələr, BBD-li uşaqlar və təkrarlanan febril SYİ keçirən uşaqlar görür.
-   Meqaureter: həyatın ilk ilində profilaktika tövsiyə olunur; sidik axarının diametri 7 mm və daha çox olduqda SYİ riski yüksəkdir.
-   Aşağı dərəcəli VUR və normal sidik kisəsi funksiyası olan böyük uşaqlarda profilaktikasız izləmə məqbuldur.
-   Profilaktika fonunda BBD mütləq müalicə olunur; qəbizlik davam edirsə, profilaktikanın effekti azalır.

Dərman

Qeyd

Nitrofurantoin

Birinci seçim; 2 aylıqdan kiçiklərə verilmir

Trimetoprim (2 mq/kq)

Birinci seçim; 6 həftəlikdən kiçiklərə verilmir

Sefaklor, sefiksim

İstisna hallarda, məsələn, kiçik körpələrdə

**Antibiotik olmayan tədbirlər:** quşüzümü (cranberry) məhsulları təkrarlanmanı azaldır (orta sübut); probiotiklər yalnız əlavə vasitə kimi istifadə oluna bilər; vitaminlər rutin istifadə edilmir. Fimozu və SYİ-si olan oğlanlarda yerli steroid krem təkrarlanmanı azaldır; AUK və ya VUR da olan oğlanlarda sünnətin faydası daha çoxdur.

Müalicə

## VUR-da əməliyyat göstərişləri

-   Profilaktikaya baxmayaraq təkrarlanan febril SYİ (profilaktika fonunda yaranan infeksiya).
-   DMSA-da yeni çapıqların yaranması.
-   Yaşla keçmə ehtimalı az olan yüksək dərəcəli, davamlı reflyuks.
-   Ailənin uzunmüddətli profilaktikanı istəməməsi və ya tətbiq edə bilməməsi.

Üsul

Xüsusiyyət

Endoskopik inyeksiya

Qısa narkoz, kəsiksiz, gündüz stasionarı; uğur dərəcədən asılı olaraq təxminən 50–80%

Sidik axarının yenidən implantasiyası (açıq və ya robot yardımlı)

Açıq üsulda uğur təxminən 92–98%; robot yardımlı üsulun nəticələri daha dəyişkəndir və orta hesabla açıq əməliyyatın nəticələrindən zəifdir. Endoskopik müalicədən daha böyük əməliyyatdır

Müalicə

## Uzunmüddətli izləmə

-   Böyrək çapığı olan uşaqlarda arterial təzyiq və proteinuriya müntəzəm yoxlanılır.
-   Hər qızdırmada sidik analizi aparılır: ailəyə nə vaxt və necə müraciət etməli olduğu izah edilir.
-   BBD: febril və/və ya təkrarlanan SYİ keçirən, tualet təlimini keçmiş hər uşaqda sidik kisəsi və bağırsaq disfunksiyası axtarılır və müalicə olunur (EAU 2026, güclü); qəbizlik və işəmə vərdişləri hər görüşdə soruşulur. Qəbizliyin müalicəsi təkrarlanmanı azaldır.
-   VUR-lu qızlarda gələcək hamiləlikdə SYİ riski barədə məlumat verilir.

Klinik məsləhət

Pediatrın rolu: VUR-lu uşaqda hər qızdırmada sidik analizi aparmaq, BBD-ni müalicə etmək, risk qrupunu təyin etmək və yüksək riskli uşağı uşaq uroloquna göndərmək.

Test

## Test: Vezikoureteral reflyuks

Özünüzü yoxlayın: bir cavab seçin.

1.  2 yaşlı qızda MSUQ-da II dərəcəli birtərəfli VUR aşkarlanıb, BBD yoxdur, DMSA-da çapıq yoxdur. AAP 2026-ya görə ən uyğun yanaşma hansıdır?
    
    I–II dərəcəli VUR və BBD-nin olmaması AAP 2026-ya görə aşağı risk qrupudur; bu qrupda rutin profilaktika tövsiyə edilmir. Qərar ailə ilə birgə verilir.
    
2.  Febril SYİ keçirən uşağın USM-si normaldır. VUR barədə nə demək olar?
    
    İlk febril SYİ-dən sonra USM-in VUR üçün həssaslığı təxminən 50%-dir. Normal USM VUR-u istisna etmir, amma yüksək dərəcəli VUR ehtimalını azaldır. VUR MSUQ və ya kontrastlı miksiya urosonoqrafiyası ilə aşkarlanır.
    
3.  MSUQ-da sidik axarı və ləyən orta dərəcədə genişlənib, sidik axarı dolanbacdır, papillaların izi qalır. VUR hansı dərəcədədir?
    
    Orta genişlənmə, dolanbac sidik axarı və papilla izlərinin qalması IV dərəcə üçün xarakterikdir. V dərəcədə papilla izləri itir.
    
4.  VUR-lu uşaqda profilaktika fonunda təkrarlanan febril SYİ olur. İlk növbədə hansı amil yoxlanılmalıdır?
    
    BBD (xüsusən qəbizlik) profilaktika fonunda yaranan infeksiyaların ən vacib səbəblərindəndir və əməliyyat qərarından əvvəl müalicə olunmalıdır.
    

Mövzu tamamlandı

[Bütün mövzular](/hekimler/)[Uşaq uroloquna göndəriş meyarları](/hekimler/gonderis-meyarlari/)

## Əlaqəli mövzular

-   [Uşaqlarda sidik yolu infeksiyası: AAP 2026 və EAU](/hekimler/sidik-yolu-infeksiyasi/)
-   [Aşağı sidik yollarının disfunksiyası və gündüz sidik qaçırma](/hekimler/asagi-sidik-yollarinin-disfunksiyasi/)
-   [Obstruktiv uropatiyalar və antenatal hidronefroz](/hekimler/obstruktiv-uropatiyalar/)

## Mövzu üzrə valideyn məqalələri

-   [Vezikoureteral reflyuks](/xestelikler/vezikoureteral-reflyuks/)
-   [MSUQ](/muayineler/msuq/)
-   [DMSA sintiqrafiyası](/muayineler/dmsa/)
-   [Endoskopik inyeksiya](/emeliyyatlar/endoskopik-inyeksiya/)
-   [Qəbizlik və sidik kisəsi](/xestelikler/sidik-kisesi-bagirsaq-disfunksiyasi/)
-   [Pielonefrit](/xestelikler/pielonefrit/)

## Mənbələr

1.  [Alverson BK, Hains DS, Downs SM, et al. Clinical practice guideline for the diagnosis and treatment of urinary tract infection in children from 8 days to 5 years of age. Pediatrics. 2026;158(4):e2026078565.](https://pubmed.ncbi.nlm.nih.gov/?term=Clinical%20practice%20guideline%20for%20the%20diagnosis%20and%20treatment%20of%20urinary%20tract%20infection%20in%20children%20from%208%20days%20to%205%20years%20of%20age)
2.  [EAU Guidelines on Paediatric Urology, 2026: Vesicoureteric reflux; Urinary tract infections in children.](https://uroweb.org/guidelines/paediatric-urology/chapter/vesicoureteric-reflux)
3.  [RIVUR Trial Investigators. Antimicrobial prophylaxis for children with vesicoureteral reflux. N Engl J Med. 2014;370(25):2367–2376.](https://pubmed.ncbi.nlm.nih.gov/24795142/)
4.  [Morello W, Baskin E, Jankauskiene A, et al. Antibiotic prophylaxis in infants with grade III, IV, or V vesicoureteral reflux. N Engl J Med. 2023;389(11):987–997.](https://pubmed.ncbi.nlm.nih.gov/37702442/)

Material tibb mütəxəssisləri üçündür və qüvvədə olan klinik tövsiyələrə əsaslanır. Konkret xəstə barədə qərarı müalicə edən həkim verir.

Yenilənib: 14 noyabr 2026

---
Məlumat valideynlər və həmkarlar üçündür, həkim müayinəsini əvəz etmir. Təcili hallarda 103-ə zəng edin.
