Uşaq UrologiyasıUzm. Dr. Pərviz Hacıyev
Sidik ifrazı və infeksiyalar

Gecə sidik qaçırmada enurez alarmı: valideyn üçün bələdçi

Gecə sidik qaçırmada enurez alarmı: kimə uyğundur, ilk gecələr, valideynin rolu, gündəlik, nəticə nə vaxt gözlənilir və təkrarlanarsa nə etməli.

Qısa cavab

Kimə uyğundur?
Tez-tez sidik qaçıran uşağa, uşaq və ailə hazır olduqda.
Valideynin işi
Alarm çalan kimi uşağı oyadıb tualetə getməsinə kömək etmək.
Nəticə nə vaxt?
İlk dəyişikliklər bir neçə həftə ərzində görünür. 4–6 həftədə irəliləyiş yoxdursa, plan dəyişdirilir.
Nə vaxt dayandırılır?
Ardıcıl ən azı 14 quru gecədən sonra.

Enurez alarmı necə işləyir?

Cihazın sensoru alt paltarına və ya döşəyə qoyulur. İlk damcı sidik sensora düşən kimi cihaz səs çıxarır və ya titrəyir. Eşitmə problemi olan uşaqlar üçün titrəyən növü var. Zamanla uşaq sidik kisəsi dolanda özü oyanmağı öyrənir. Gecə sidik qaçırmanın səbəbləri və digər müalicə üsulları barədə ətraflı: gecə sidik qaçırma.

Kimə uyğundur?

Aktiv müalicə adətən 6 yaşdan tövsiyə olunur, amma bu hədd mütləq deyil: bəzi uşaqları sidik qaçırma 5 yaşda narahat edir. Enurez alarmı ən yaxşı nəticəni aşağıdakı hallarda verir:

  • uşaq tez-tez, demək olar ki, hər gecə sidik qaçırır;
  • uşaq özü quru qalmaq istəyir, ailə isə bir neçə ay gecə dəstək verməyə hazırdır.

Sidik qaçırma seyrək olduqda, uşaq bacı-qardaşı ilə eyni otaqda yatdıqda və ya uşaqda DEHB olduqda cihazın effekti azala bilər. Uşaqda gündüz də şikayətlər varsa, əvvəlcə gündüz problemləri qiymətləndirilir.

İlk gecələr

  • Cihazın necə qurulduğunu, necə yoxlandığını və nasaz olduqda nə edəcəyinizi əvvəlcədən öyrənin.
  • Cihazdan hər gecə, fasiləsiz istifadə edin.
  • Cavab bir neçə həftə ərzində yaranır. Bu müddətdə uşaq alarma özü oyanmaya bilər, valideynin yuxusu isə həftələrlə, bəzən aylarla pozula bilər.

Valideynin rolu

Alarm çalan kimi uşağı oyadın. Uşaq tam oyanmalı, tualetə özü getməli, sonra yatağa qayıdıb cihazı yenidən qurmalıdır. Kimin nə edəcəyini uşaqla birlikdə əvvəlcədən razılaşdırın.

Mükafatı quru gecəyə görə yox, razılaşdırılmış hərəkətlərə görə verin: alarma oyanmaq, tualetə getmək, yatağa qayıdıb cihazı qurmaq. Quru gecə uşağın iradəsindən asılı deyil, bu hərəkətlər isə asılıdır.

Gündəlik

Hər səhər qısa qeyd aparın: gecənin quru və ya yaş keçməsi, uşağın alarma oyanıb-oyanmaması, alarmın təxminən çaldığı saat, yaş ləkənin ölçüsü (böyük və ya kiçik). Bu qeydlər nəzarət görüşündə ilk irəliləyiş əlamətlərini görməyə kömək edir: yaş ləkənin kiçilməsi, uşağın alarma oyanması, alarmın daha gec və ya daha seyrək çalması, yaş gecələrin azalması.

Nəticə nə vaxt gözlənilir?

  • İlk 1–3 həftədə həkimlə əlaqə saxlanılır: texniki problemlər həll edilir, ailə dəstəklənir.
  • İrəliləyiş 4 həftə ərzində qiymətləndirilir. 4–6 həftədən sonra heç bir irəliləyiş yoxdursa, cihaz dayandırılır və başqa yol seçilir.
  • İrəliləyiş varsa, ardıcıl ən azı 14 quru gecə əldə edilənə qədər davam edilir.
  • 3 aydan sonra vəziyyət yenidən qiymətləndirilir: yaxşılaşma davam edirsə və ailə istəyirsə, istifadə uzadılır.

Enurez alarmı uşaqların 50–70%-ində uğurlu olur və onların böyük hissəsi tam sağalır. Cihaz kömək etmədikdə çox vaxt səbəb onun düzgün istifadə edilməməsidir. Bu halda desmopressin və ya iki üsulun birlikdə istifadəsi müzakirə olunur.

Sidik qaçırma qayıdarsa

Uğurlu müalicədən sonra sidik qaçırma yenidən başlayarsa, enurez alarmına dərhal yenidən başlamaq olar. Növbəti cəhddə həkim «overlearning» adlanan üsulu təklif edə bilər: ardıcıl 14 quru gecədən sonra uşaq hər axşam 1–2 stəkan əlavə su içir və cihaz istifadə olunmağa davam edir. Bu üsulun faydası barədə dəlillər məhduddur, üsul desmopressin qəbul edən uşaqda tətbiq olunmur, ona görə yalnız həkimin planı ilə edilir.

Pediatr və ailə həkimi üçün qeyd

ICCS (2020) monosimptomatik enurezdə alarmı desmopressinlə yanaşı birinci sıra müalicə sayır; uğur uşaqların 50–70%-ində əldə edilir, uğurlu müalicə olunanların böyük hissəsi tam sağalır. Müsbət proqnostik amillər tez-tez sidik qaçırma və motivasiyalı uşaq və ailədir; seyrək və ya dövri enurezdə, bacı-qardaşla eyni otaqda yatdıqda və DEHB olduqda effekt azala bilər. Cihaz fasiləsiz, hər gecə istifadə olunur; ailə ilə 1–3 həftədən sonra əlaqə saxlanılır, 6 həftədə irəliləyiş yoxdursa dayandırılır, irəliləyiş varsa ardıcıl 14 quru gecəyədək davam etdirilir. NICE (CG111) cavabın 4 həftə ərzində qiymətləndirilməsini, 3 aydan sonra isə yalnız yaxşılaşma davam edirsə istifadənin uzadılmasını tövsiyə edir. Uğurdan sonra residiv olarsa, növbəti cəhddə «overlearning» (14 quru gecədən sonra axşam 1–2 stəkan əlavə su) uğur ehtimalını artıra bilər; bu dövrdə desmopressin əks-göstərişdir.

Qəbulda nə olur?

  1. Enurez alarmına başlamazdan əvvəl gündüz şikayətləri, qəbizlik və gecə sidik həcmi qiymətləndirilir.
  2. Cihazın qurulması, istifadəsi, valideynin və uşağın vəzifələri əvvəlcədən izah edilir.
  3. İlk həftələrdə ailə ilə əlaqə saxlanılır, gündəlik birlikdə təhlil edilir.
WhatsApp ilə qəbula yazılınUşaq Urologiyası Mərkəzi, Badam Medical Center, Bakı

Tez-tez verilən suallar

Alarm çalır, biz oyanırıq, uşaq isə yatmağa davam edir. Bu normaldırmı?

Bəli, ilk həftələrdə bu ola bilər, cavabın yaranması bir neçə həftə çəkə bilər. Bu dövrdə uşağı alarm çalan kimi oyadın və tualetə getməsinə kömək edin.

Uşaq bacısı və ya qardaşı ilə eyni otaqda yatır. Cihazdan istifadə etmək olarmı?

Olar, amma bu halda cihazdan hər gecə istifadə etmək çətinləşə bilər. Bunu əvvəlcədən həkimlə müzakirə edin.

Enurez alarmı ilə dərmanı birlikdə istifadə etmək olarmı?

Bəli. Tək müalicə kömək etmədikdə və ya gecə çox sidik hasil olduqda enurez alarmı ilə desmopressinin birlikdə istifadəsi nəzərdən keçirilə bilər. Qərarı həkim verir.

Əlaqəli mövzular

Mənbələr

Bu səhifə maarifləndirmə məqsədi daşıyır. Uşağınızın müalicəsi barədə qərar müayinədən sonra həkimlə birlikdə verilir.

Yenilənib:

WhatsApp ilə qəbula yazılın