Uşaq Urologiyası Dr. Pərviz Hacıyev
Böyrək və sidik axarı

Ureterosele: sidik axarının ucunda kistaya bənzər genişlənmə

Ureterosele nədir, ikili toplayıcı sistemlə əlaqəsi, hansı əlamətlərlə özünü göstərir və endoskopik kəsik nə vaxt lazımdır.

Qısa cavab

Təcilidirmi?
Qızdırma və ya sidiyə gedə bilməmə varsa, bəli. Əks halda planlı.
Öz-özünə keçirmi?
Yox, amma hər ureterosele əməliyyat tələb etmir.
Əməliyyat lazımdırmı?
Çox vaxt, adətən əvvəlcə endoskopik kəsik.
Kimdə çox olur?
Qızlarda, ikili toplayıcı sistemlə birlikdə.

Ureterosele nədir?

Sidik axarı sidik kisəsinə açılan yerdə dar dəliklə bitəndə onun son hissəsi şar kimi genişlənir və sidik kisəsinin içində nazik divarlı kistaya bənzəyir. Buna ureterosele deyilir. Sidik bu dar dəlikdən çətin axdığı üçün yuxarıda sidik axarı və böyrək də genişlənir.

Ureteroselelərin təxminən 80%-i ikili toplayıcı sistemlə birlikdə olur və böyrəyin yuxarı hissəsinə aid sidik axarında yaranır. Qızlarda oğlanlardan 4–7 dəfə çox rast gəlinir.

Növləri

  • Sidik kisəsi içində olan (intravezikal) ureterosele tam sidik kisəsinin içində qalır.
  • Ektopik ureterosele sidik kisəsinin boynuna və ya sidik kanalına qədər uzanır. Daha çox problem yaradır.

Əlamətləri

Bu gün ureteroselelərin çoxu hamiləlikdə USM ilə aşkarlanır. Aşkarlanmayan hallarda:

  • qızdırmalı sidik yolu infeksiyası, çox vaxt ilk aylarda,
  • zəif sidik axını, sidiyə gedə bilməmə (ureterosele sidik kisəsinin çıxışını tıxadıqda),
  • qızlarda sidik kanalından çıxan, şişkin toxuma (prolaps),
  • böyük uşaqlarda qarın ağrısı, daş.

Diaqnoz

USM əsas müayinədir: sidik kisəsində nazik divarlı kistik törəmə, genişlənmiş sidik axarı və ikili böyrək görünür. Reflyuksu yoxlamaq üçün MSUQ, böyrəyin hər hissəsinin nə qədər işlədiyini öyrənmək üçün DMSA aparılır.

Müalicə

Müalicə uşağın vəziyyətindən, ureteroselenin növündən, böyrəyin yuxarı hissəsinin işləyib-işləməməsindən və reflyuksdan asılıdır.

  • Endoskopik kəsik (punksiya). Sistoskopla ureteroselenin divarında kiçik dəlik açılır və sidik rahat axmağa başlayır. Kəsiksizdir, xüsusən körpələrdə, infeksiya və ya tıxanma olduqda ilk seçimdir. Ətraflı: sistoskopiya.
  • İzləmə. Böyrəyin yuxarı hissəsi tamamilə işləmirsə, tıxanma və reflyuks yoxdursa, bəzi uşaqlarda yalnız izləmə mümkündür.
  • Yenidənqurma əməliyyatları. Endoskopik kəsikdən sonra reflyuks yaranarsa və ya problem davam edərsə, sidik axarının yenidən tikilməsi, bəzən böyrəyin işləməyən yuxarı hissəsinin çıxarılması aparılır.

Nə vaxt təcili müraciət etməli?

Aşağıdakılardan biri varsa, növbəti qəbulu gözləməyin: həkimə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə gedin.

  • Qızdırma, xüsusən körpədə
  • Sidiyə gedə bilməmə və ya çox çətin sidiyə getmə
  • Qızda sidik kanalından çıxan şiş (prolaps)

Pediatr və ailə həkimi üçün qeyd

Qız uşağında xarici sidik kanalından çıxan, şişkin, qırmızı-göyümtül toxuma prolabe olmuş ureterosele ola bilər və təcili uşaq uroloquna göndərilməlidir. Antenatal USM-də sidik kisəsi daxilində nazik divarlı kistik törəmə və ikili böyrək görüləndə doğuşdan sonra antibiotik profilaktikası başlanması və tez USM tövsiyə olunur.

Qəbulda nə olur?

  1. USM ilə ureterosele, böyrəyin quruluşu və hansı hissəsinin təsirləndiyi qiymətləndirilir.
  2. MSUQ ilə reflyuks və uretraya uzanma yoxlanılır, DMSA ilə böyrək hissələrinin funksiyası ölçülür.
  3. Müalicə planı, xüsusən endoskopik kəsik və sonrakı izləmə ailə ilə müzakirə olunur.
WhatsApp ilə qəbula yazıl Uşaq Urologiyası Mərkəzi, Badam Medical Center, Bakı

Tez-tez verilən suallar

Endoskopik kəsikdən sonra hər şey bitirmi?

Bir çox uşaqda bu, yeganə müdaxilə olur. Bəzilərində kəsikdən sonra reflyuks yaranır və ya yuxarı hissə işləmir, onda ikinci əməliyyat lazım ola bilər.

Əlaqəli mövzular

Mənbələr

  • EAU Guidelines on Paediatric Urology, 2025: Obstructive pathology of renal duplication: ureterocele and ectopic ureter.

Bu səhifə maarifləndirmə məqsədi daşıyır. Uşağınızın müalicəsi barədə qərar müayinədən sonra həkimlə birlikdə verilir.

Zəng et