Uşaq Urologiyası Dr. Pərviz Hacıyev
Böyrək və sidik axarı

Uşaqlarda böyrək daşı

Uşaqlarda böyrək və sidik axarı daşları: əlamətləri, niyə hər uşaqda metabolik müayinə lazımdır, daşın düşməsi, ESWL, endoskopik və perkutan müalicə.

Qısa cavab

Təcilidirmi?
Güclü ağrı, qusma və ya qızdırma varsa, bəli.
Öz-özünə düşərmi?
5 mm-dən kiçik daşlar çox vaxt düşür.
Əməliyyat lazımdırmı?
Böyük, düşməyən və ya tıxanma yaradan daşlarda, əksərən kəsiksiz üsullarla.
Ən vacib addım
Daşın səbəbini tapmaq üçün qan və sidik analizləri.

Uşaqlarda böyrək daşı nə qədər çox rast gəlinir?

Böyrək daşı çox vaxt böyüklərin xəstəliyi kimi qəbul edilir, amma son illərdə uşaqlarda da getdikcə daha çox görülür. Azərbaycan da daxil olmaqla isti iqlimli, daşın daha çox rast gəlindiyi bölgədə yerləşir. Daşlar körpələrdə də ola bilər.

Böyüklərdən fərqli olaraq, uşaqlarda daşın arxasında çox vaxt konkret səbəb olur: maddələr mübadiləsi pozğunluğu, sidik yollarının anadangəlmə anomaliyası və ya infeksiya. Ona görə uşaqda daş təkcə çıxarılmalı deyil, səbəbi də tapılmalıdır.

Səbəbləri

  • Metabolik: sidikdə kalsiumun çox olması (ən çox rast gəlinən səbəb), sitratın az olması, oksalatın və ya sidik turşusunun çox olması, sistinuriya.
  • Anatomik: ureteropelvik darlıq, meqaureter, sidiyin durğunluğuna səbəb olan digər hallar.
  • İnfeksiya: bəzi bakteriyalar sidikdə daş əmələ gəlməsinə şərait yaradır.
  • Həyat tərzi: az maye içmək, duzlu və emal olunmuş qidalar, uzun müddət hərəkətsizlik, bəzi dərmanlar.

Əlamətləri

  • Böyük uşaqlarda: yan və ya qarnın aşağı hissəsinə yayılan, dalğavari güclü ağrı (renal kolik), ürəkbulanma, qusma, sidikdə qan.
  • Kiçik uşaqlarda: tipik ağrı çox vaxt olmur. Qıcıqlanma, ağlama, qusma, sidik yolu infeksiyası və ya təsadüfən USM-də aşkarlanma.
  • Sidik yolu infeksiyalarının təkrarlanması.

Diaqnoz

  • USM ilk və əksər hallarda kifayət edən müayinədir, şüa vermir.
  • Aşağı dozalı kompüter tomoqrafiyası USM-də daş görünmədikdə və ya müalicə planı üçün dəqiq ölçü lazım olduqda.
  • Qan və sidik analizləri, 24 saatlıq sidik: daşın səbəbini tapmaq üçün. Düşmüş və ya çıxarılmış daşın kimyəvi analizi çox dəyərli məlumat verir, ona görə düşən daşı saxlayıb həkimə gətirin.

Müalicə

Kiçik daşlar

5 mm-dən kiçik, sidik axarında olan daşların çoxu öz-özünə düşür. Bu dövrdə ağrıkəsici, bol maye və bəzən daşın düşməsini asanlaşdıran dərman verilir. Uşaq izlənilir, ağrı keçmirsə, qızdırma yaranırsa və ya daş bir neçə həftə ərzində düşmürsə, müdaxilə edilir.

Müdaxilə tələb edən daşlar

Uşaqlarda daş üçün açıq əməliyyat artıq demək olar ki, edilmir. Kəsiksiz və ya minimal invaziv üsullar istifadə olunur:

  • Zərbə dalğası ilə daş qırılması (ESWL). Kənardan verilən dalğalarla daş kiçik hissələrə bölünür, sonra sidiklə düşür. 1–2 sm-ə qədər böyrək daşlarında yaxşı nəticə verir.
  • Ureteroskopiya və retrograd intrarenal cərrahiyyə (RIRS). Sidik kanalından nazik endoskop salınır, daş lazerlə qırılıb çıxarılır. Sidik axarı daşlarında və bəzi böyrək daşlarında seçilir.
  • Perkutan nefrolitotomiya (PNL, mini-PNL). Böyük böyrək daşlarında belə kiçik dəlikdən böyrəyə girilərək daş çıxarılır.

Tıxanma və qızdırma birlikdə olduqda əvvəlcə böyrək müvəqqəti stent və ya drenajla açılır, infeksiya müalicə olunur, daş isə sonra çıxarılır.

Təkrarlanmanın qarşısını almaq

  • Bol su: sidik açıq rəngdə olmalıdır. Uşağın yaşına görə gündə 1–2,5 litr, isti havada və idmandan sonra daha çox.
  • Duzu azaltmaq: emal olunmuş qidalar, çipslər, kolbasa məmulatları.
  • Kalsiumu azaltmamaq: süd məhsulları normal miqdarda qalmalıdır, kalsiumun azaldılması əksinə daş riskini artırır.
  • Şirin içkilər əvəzinə su: limon suyu sitratı artırır və faydalı ola bilər.
  • Metabolik müayinəyə görə lazım olduqda dərman müalicəsi.

Nə vaxt təcili müraciət etməli?

Aşağıdakılardan biri varsa, növbəti qəbulu gözləməyin: həkimə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə gedin.

  • Dözülməz, dalğavari yan və ya qarın ağrısı
  • Ağrı ilə birlikdə qızdırma və titrəmə (tıxanmış böyrəkdə infeksiya təhlükəlidir)
  • Davamlı qusma, maye içə bilməmə
  • Sidik ifrazının dayanması

Pediatr və ailə həkimi üçün qeyd

Uşaqlarda böyrək daşı əksər hallarda metabolik və ya anatomik səbəblə bağlıdır, ona görə ilk daşdan sonra hər uşaqda 24 saatlıq sidik analizi (kalsium, oksalat, sitrat, urat, sistin, kreatinin), qanda kalsium, fosfor, urat, kreatinin və mümkünsə daşın kimyəvi analizi aparılmalıdır. Kiçik uşaqlarda daş çox vaxt tipik kolik vermir, ağrı qeyri-spesifik qıcıqlanma, qusma və ya sidik yolu infeksiyası ilə özünü göstərə bilər.

Qəbulda nə olur?

  1. Ağrının xarakteri, maye qəbulu, qidalanma, ailədə daş və keçirilmiş infeksiyalar soruşulur.
  2. USM ilə daşın yeri, ölçüsü və böyrəkdə genişlənmə qiymətləndirilir, lazım olduqda aşağı dozalı KT təyin olunur.
  3. Daşın səbəbini tapmaq üçün qan və 24 saatlıq sidik analizləri planlaşdırılır.
  4. Daşın ölçüsünə və yerinə görə izləmə, dərmanla düşürmə və ya kəsiksiz müalicə üsulu seçilir.
WhatsApp ilə qəbula yazıl Uşaq Urologiyası Mərkəzi, Badam Medical Center, Bakı

Tez-tez verilən suallar

Uşaqda daş niyə yaranır?

Ən çox rast gəlinən səbəblər sidikdə kalsiumun çox, sitratın az olması, az maye içmək, duzlu qidalanma, sidik yollarının anomaliyaları və infeksiyalardır. Bəzən irsi xəstəliklər (sistinuriya kimi) aşkarlanır.

Daş təkrar yaranacaqmı?

Səbəb aradan qaldırılmasa, uşaqlarda təkrarlanma riski yüksəkdir. Bol su içmək, duzu azaltmaq və metabolik müayinəyə görə verilən tövsiyələr bu riski xeyli azaldır.

Uşaq üçün ESWL zərərlidirmi?

Uşaqlarda zərbə dalğası ilə daş qırılması (ESWL) uzun illərdir istifadə olunan təhlükəsiz üsuldur. Kiçik uşaqlarda narkoz altında aparılır.

Əlaqəli mövzular

Mənbələr

  • EAU Guidelines on Paediatric Urology, 2025: Urolithiasis.
  • EAU Guidelines on Urolithiasis, 2025: Paediatric stones.

Bu səhifə maarifləndirmə məqsədi daşıyır. Uşağınızın müalicəsi barədə qərar müayinədən sonra həkimlə birlikdə verilir.

Zəng et