Uşaq Urologiyası Dr. Pərviz Hacıyev
Cinsiyyət orqanları

Uşaqlarda anadangəlmə penis əyriliyi və burulması

Anadangəlmə penis əyriliyi və penisin öz oxu ətrafında burulması: hansı dərəcədə normadır, nə vaxt düzəliş əməliyyatı lazımdır.

Qısa cavab

Təcilidirmi?
Xeyr.
Normadırmı?
Yüngül burulma və əyrilik çox rast gəlinir, çox vaxt problem yaratmır.
Əməliyyat nə vaxt?
Əyrilik təxminən 30 dərəcədən çoxdursa və ya burulma 90 dərəcədən çoxdursa.
Sünnət olarmı?
Əvvəlcə qiymətləndirilməlidir: sünnət dərisi düzəliş üçün lazım ola bilər.

Penis əyriliyi nədir?

Penis ereksiya zamanı aşağıya, yuxarıya və ya yana əyilə bilər. Anadangəlmə əyrilik çox vaxt hipospadiya ilə birlikdə olur, amma bəzən sidik dəliyi normal yerdə olduğu halda da rast gəlinir.

Penil torsiya isə penisin öz oxu ətrafında fırlanmasıdır: penisin başı və sidik dəliyi düz deyil, yana çevrilmiş vəziyyətdədir. Ən çox sola fırlanır.

Səbəbləri

  • penisin alt səthində dərinin və ya sidik kanalının qısa olması,
  • penis cisimlərinin qeyri-bərabər inkişafı,
  • dərinin penis üzərində asimmetrik paylanması.

Nə vaxt problem yaradır?

  • əyrilik təxminən 30 dərəcədən çox olduqda gələcəkdə cinsi həyatda çətinlik yarada bilər,
  • burulma 90 dərəcədən çox olduqda sidik axını yana yönəlir və kosmetik narahatlıq yaranır,
  • yüngül hallar adətən heç bir problem yaratmır.

Müalicə

Ciddi əyrilik və burulma cərrahi yolla düzəldilir: penisin dərisi sərbəstləşdirilir, lazım olduqda penis cisimləri düzəldilir və dəri yenidən paylanır. Körpələrdə əməliyyat adətən 6–18 aylıqda edilir.

Əyrilik və ya burulma varsa, sünnət etməzdən əvvəl uşaq uroloquna müraciət edin: sünnət dərisi düzəliş əməliyyatında istifadə oluna bilər və ayrıca edilən sünnət düzəlişi çətinləşdirir.

Pediatr və ailə həkimi üçün qeyd

Hipospadiyasız ventral əyrilik (chordee without hypospadias) və penil torsiya sünnətdən əvvəl tanınmalıdır, çünki prepusium düzəliş üçün lazım ola bilər. Torsiya adətən saat əqrəbinin əksinə, sol tərəfə olur; 60 dərəcədən az torsiya çox vaxt yalnız kosmetikdir. Yeniyetmələrdə ereksiya fotoşəkli qiymətləndirmə üçün faydalıdır.

Qəbulda nə olur?

  1. Penisin istiqaməti, sidik dəliyinin yeri və dərinin paylanması müayinə olunur.
  2. Körpələrdə əyrilik bəzən spontan ereksiya zamanı, yeniyetmələrdə valideynin və ya yeniyetmənin çəkdiyi fotoşəkil ilə qiymətləndirilir.
  3. Düzəliş lazımdırsa, adətən 6–18 aylıqda və ya diaqnozdan sonra planlanır.
WhatsApp ilə qəbula yazıl Uşaq Urologiyası Mərkəzi, Badam Medical Center, Bakı

Tez-tez verilən suallar

Penis bir az sola fırlanıb. Bu problemdirmi?

Yüngül burulma çox rast gəlinir və adətən heç bir problem yaratmır. Burulma çox güclüdürsə və ya hipospadiya ilə birlikdədirsə, düzəliş müzakirə olunur.

Əlaqəli mövzular

Mənbələr

  • EAU Guidelines on Paediatric Urology, 2025: Congenital penile curvature.

Bu səhifə maarifləndirmə məqsədi daşıyır. Uşağınızın müalicəsi barədə qərar müayinədən sonra həkimlə birlikdə verilir.

Zəng et