Uşaq Urologiyası Uzm. Dr. Pərviz Hacıyev

Uşaqlarda sidik yolu infeksiyası: AAP 2026 və EAU

SYİ-ni vaxtında və düzgün təsdiqləmək, antibiotikin yolunu və müddətini seçmək, kimə USM, kimə MSUQ lazım olduğunu iki əsas klinik tövsiyəyə görə bilmək.

Uşaq uroloqları, uroloqlar, uşaq cərrahları, pediatrlar və rezidentlər üçün 16 addım ~25 dəq

Addım 1 / 16

Məqsədlər

Bu mövzunu oxuduqdan sonra

  • SYİ şübhəsi olan uşağı nə vaxt müayinə etmək lazım olduğunu bilmək.
  • Yaşa görə sidik nümunəsini düzgün götürmək və AAP 2026 diaqnoz meyarlarını tətbiq etmək.
  • Febril SYİ-ni, sistiti və atipik SYİ-ni ayırmaq.
  • Antibiotikin yolunu (ağızdan və ya parenteral) və müddətini yaşa və riskə görə seçmək.
  • İlk febril SYİ-dən sonra USM, MSUQ və DMSA göstərişlərini bilmək.
  • AAP 2026 və EAU tövsiyələrinin harada üst-üstə düşdüyünü və harada fərqləndiyini bilmək.
Klinik məsləhət

İki klinik tövsiyə əsas məsələlərdə üst-üstə düşür: diaqnoz düzgün götürülmüş sidiyin analizi və əkməsi ilə qoyulur, sidik torbası əkmə üçün istifadə edilmir, febril SYİ-də müalicə qısa kurslarla aparılır, BBD axtarılır və müalicə olunur. Fərqlər əsasən ağızdan müalicənin başlanma yaşında və MSUQ göstərişlərindədir.

Əsaslar

Rəqəmlərlə SYİ

  • ~7% qızdırması olan körpələrdə SYİ (AAP 2026)
  • ~8% / ~2% 7 yaşa qədər qızlarda / oğlanlarda
  • ~80% törədici E. coli
  • ~15% ilk febril SYİ-dən sonra böyrək çapığı

Risk faktorları (AAP 2026-nın sistematik icmalına görə): kiçik yaş; qızlar; sünnət olunmamış kiçik yaşlı oğlanlar (sünnət olunmuş oğlanlarda risk daha aşağıdır, sünnət olunmamışlarda isə qızlardakından da yüksəkdir); mənbəyi bilinməyən qızdırma; əvvəlki SYİ; BBD və qəbizlik; gündüz sidik qaçırma; görüntüləmədə anomaliya; vaxtından əvvəl doğulma; 1 ildən az davam edib dayandırılmış antibiotik profilaktikası. Ana südü ilə qidalanma riski azaldır.

Körpələrdə SYİ çox vaxt yalnız qızdırma ilə, bəzən narahatlıq, pis əmmə, sarılıq, qusma və ya ishalla özünü göstərir. Ağır hallarda sepsis ola bilər. Ağrılı və tez-tez işəmə, təcili sidik ehtiyacı kimi şikayətləri adətən yalnız 2 yaşdan böyük uşaqlar bildirə bilir.

Əsaslar

İki klinik tövsiyə: AAP 2026 və EAU

AAP 2026EAU (uşaq urologiyası, 2026)
Hansı uşaqlar8 gündən 5 yaşadək, tibbi cəhətdən mürəkkəb olmayan uşaqlarYaş həddi qoyulmayıb
Kimlər daxil deyilNeyrogen sidik kisəsi, immun çatışmazlığı, çox erkən doğulma, məlum böyrək və sidik yolu anomaliyası (CAKUT), çoxsistemli və ya ağır xroniki xəstəlikUşaq urologiyası təlimatının bir fəslidir; VUR, obstruksiya və neyrogen sidik kisəsi ayrıca fəsillərdə verilir
Kim üçün yazılıbPediatrlar, ailə həkimləri, təcili yardım həkimləriUroloqlar və uşaq uroloqları
Quruluş8 əsas tövsiyə (2 güclü, 6 şərti; sübutun etibarlılığı aşağı və ya çox aşağı) və 4 yaxşı təcrübə bəyanatı, GRADE metodu iləGüclü və zəif dərəcəli tövsiyələr
Diqqət

AAP panelində uroloq və nefroloq üzvlər tövsiyələrin hamısını dəstəkləməyib; son qərarlar səs çoxluğu ilə qəbul olunub. Xüsusən VUR-un idarəsi ilə bağlı tövsiyə uşaq uroloquna müraciətə qədər başlanğıc yanaşma kimi təqdim olunur.

AAP 2026 təlimatı artıq qüvvədə olmayan 2011-ci il təlimatını əvəz edir: yaş aralığı 2–24 aydan 8 gün – 5 yaşa genişləndirilib, risk qiymətləndirməsindən irq meyarı çıxarılıb.

Diaqnostika

Nə vaxt müayinə etməli: 72 saat

AAP 2026 (şərti, aşağı sübut): 2–24 aylıq, mənbəyi bilinməyən qızdırması olan uşaq və SYİ-yə uyğun şikayəti (ağrılı işəmə, yeni başlayan təcili və ya tez-tez işəmə) olan 2–5 yaşlı uşaq şikayətlər başlayandan 72 saat ərzində SYİ baxımından müayinə olunmalıdır; daha uzun müddət yalnız müşahidə etmək tövsiyə edilmir.

  • Altı tədqiqatın birgə təhlilində 72 saatdan tez müayinə böyrək çapığını azaldıb (nisbi risk 0,68).
  • Pielonefrit və ya böyrək zədəsi riski yüksək olan uşaqlarda müayinə daha tez aparılmalıdır: məlum anomaliya (hidronefroz, VUR), əvvəlki febril SYİ, pielonefritə uyğun əlamətlər (məsələn, bel-böyür nahiyəsində ağrı).
  • Qızdırma: rektal ölçmədə 38 °C-dən yuxarı.
  • Müayinə ailə həkimi və ya pediatr kabinetində aparıla bilər; uşağı mütləq təcili yardım şöbəsinə aparmaq lazım deyil.

EAU: müalicəyə qızdırma başlayandan 48–72 saatdan gec başlanması böyrək çapığı riskini artırır. Hər iki tövsiyə müalicənin gecikdirilməməsini vurğulayır.

Diaqnostika

Sidik nümunəsi necə götürülür?

UşaqÜsulQeyd
Tualetə gedən uşaqOrta axın sidiyi, təmizləmədən sonraEAU 2026, güclü
Tualetə getməyən uşaqKateter və ya suprapubik aspirasiyaAnaliz və əkmə üçün (EAU 2026, güclü)
Tualetə getməyən uşaq, stabilTəmiz tutulan sidik, stimulyasiya iləSkrininq üçün qəbul olunur (EAU, zəif). AAP 2026-ya görə təmiz tutulan sidikdə əkmə həddi daha yüksəkdir (aşağıda)
Hər yaşdaSidik torbasıƏkmə üçün istifadə edilmir (EAU, güclü). Yalnız mənfi nəticə dəyərlidir

8–60 günlük qızdırmalı körpələr (AAP-ın 2021-ci il təlimatı; AAP 2026 bu məsələdə həmin təlimata istinad edir) üçün iki yol var. Birincisi: sidik kateter və ya suprapubik aspirasiya ilə götürülür və analizə, analiz müsbət olduqda isə əkməyə göndərilir. İkincisi: analiz üçün sidik torbası ilə, sərbəst və ya stimulyasiya ilə işəmə zamanı götürülür; analiz müsbət olarsa, əkmə üçün kateter və ya suprapubik aspirasiya ilə yeni nümunə alınır (güclü tövsiyə).

AAP 2026-ya görə üsulu seçərkən uşağın yaşından daha çox nümunəni uğurla götürmək ehtimalı nəzərə alınmalıdır.

Diqqət

Mümkün olduqda sidik antibiotikin ilk dozasından əvvəl götürülməlidir. Bir doza belə əkməni yalançı mənfi edə bilər. Uşaq ağır vəziyyətdədirsə və nümunəni tez almaq mümkün deyilsə, müalicə gecikdirilmir.

Diaqnostika

Diaqnoz meyarları: AAP 2026

AAP 2026 tibbi cəhətdən mürəkkəb olmayan uşaqlarda "yüksək ehtimallı SYİ" anlayışını yaşa görə müəyyən edir. Diaqnoz üçün həm iltihab əlaməti (piuriya və ya leykosit esterazası), həm də müsbət əkmə lazımdır.

YaşƏkmə gözlənilərkən ehtimal olunan SYİƏkmədən sonra: iltihab əlamətiƏkmədən sonra: əkmə və nümunə üsulu
0 – 2 ay≥ 5 leykosit/görmə sahəsi və ya leykosit esterazası iz miqdarında və daha çox≥ 5 leykosit/görmə sahəsi və ya leykosit esterazası iz miqdarında və daha çox (istənilən üsulla)Patogen mikroorqanizm ≥ 10 000 KOE/ml; kateter və ya suprapubik aspirasiya
2 ay – 5 yaş≥ 10 leykosit/görmə sahəsi və ya leykosit esterazası ≥ 2+≥ 5 leykosit/görmə sahəsi və ya leykosit esterazası ≥ 1+ (istənilən üsulla)Kateter: ≥ 10 000 KOE/ml; təmiz tutulan sidik: ≥ 100 000 KOE/ml
  • 2011-ci il təlimatında kateter nümunəsi üçün hədd 50 000 KOE/ml idi. Yeni sübutlara görə tək mikroorqanizm üçün 10 000 KOE/ml həddi spesifikliyi klinik əhəmiyyətli dərəcədə azaltmadan həssaslığı artırır. Təmiz tutulan sidikdə kontaminasiya çox olduğu üçün hədd 100 000 KOE/ml qalır.
  • Analiz hədləri qəti qayda deyil, qərarı dəstəkləyən göstəricilərdir. Uşağın ümumi vəziyyəti ağırdırsa, analiz şübhəli olsa da əkmə götürülüb empirik müalicəyə başlamaq olar. Ümumi vəziyyəti yaxşı olan, ocaqlı əlaməti olmayan uşaqda isə şübhəli analiz daha çox SYİ-nin olmadığına işarə edir və əlavə risk faktoru yoxdursa, empirik müalicə adətən lazım olmur.
  • Nitrit spesifikdir, amma həssaslığı aşağıdır və iltihabı göstərmir: asimptomatik bakteriuriyanı SYİ-dən ayırmır.
  • Tipik uropatogenlər: E. coli, Proteus, Klebsiella və digər qram-mənfi bakteriyalar, Enterococcus. Bir neçə mikroorqanizmin və ya uropatogen olmayan bakteriyanın artımı adətən kontaminasiyadır.
  • DMSA kəskin dövrdə pielonefriti göstərə bilər, amma diaqnoz üçün rutin istifadə edilmir.

Diaqnostika

Diaqnoz meyarları: EAU və fərqlər

  • Piuriya (EAU): sentrifuqa edilmiş sidikdə görmə sahəsində 5-dən çox leykosit (25/µl) və ya sentrifuqasız 10 leykosit/µl-dən çox. 2 yaşdan kiçik uşaqlarda yalnız nitrit kifayət qədər həssas deyil.
  • Əkmə (EAU 2026): febril SYİ-də ≥ 100 000 KOE/ml gözlənilir, amma təmiz tutulan sidik, orta axın sidiyi və kateter nümunələrində tək mikroorqanizmin 1 000–10 000 KOE/ml artımı müsbət sayıla bilər. Suprapubik aspirasiyada istənilən artım əhəmiyyətlidir. 4 aylıqdan kiçik qızdırmalı körpələrdə klinik və laborator tapıntılar uyğun gəldikdə və nümunə düzgün götürüldükdə 1 000 KOE/ml hədd kimi qəbul oluna bilər.
  • Prokalsitonin 1,0 ng/ml-dən yüksək olduqda (EAU) kiçik uşaqlarda pielonefriti proqnozlaşdırır. Köməkçi göstəricidir, təkbaşına diaqnoz qoymur.
AAP 2026EAU 2026
Kateter nümunəsi≥ 10 000 KOE/ml1 000–10 000 KOE/ml artım müsbət sayıla bilər
Təmiz tutulan sidik≥ 100 000 KOE/ml1 000–10 000 KOE/ml artım müsbət sayıla bilər
Suprapubik aspirasiya≥ 10 000 KOE/mlİstənilən artım
PiuriyaDiaqnoz üçün mütləqdirAnaliz və əkmə birlikdə şərh olunur
Klinik məsləhət

Praktik nəticə: kateter nümunəsində tək uropatogenin ≥ 10 000 KOE/ml artımı və piuriya hər iki tövsiyəyə görə SYİ-dir. Daha aşağı koloniya sayında, xüsusən piuriya yoxdursa, nəticə klinik vəziyyətlə birlikdə şərh olunur. Piuriyasız bakteriuriya çox vaxt asimptomatik bakteriuriya və ya kontaminasiyadır.

Febril SYİ (≥ 38 °C qızdırma ilə) pielonefrit kimi qəbul olunur. Qızdırmasız, yalnız tez-tez və ağrılı işəmə ilə müşayiət olunan SYİ isə adətən sistitdir. 2 yaşdan böyük uşaqlarda pielonefrit daha yüksək qızdırma və kostovertebral bucaqda ağrı ilə özünü göstərə bilər.

Diaqnostika

Atipik SYİ

Tipik SYİAtipik SYİ
TörədiciAdi bakteriyalar (E. coli)E. coli olmayan və/və ya çoxlu antibiotikə davamlı (multirezistent) törədici
CavabAğızdan antibiotikə 48 saat ərzində tez cavabAğızdan müalicəyə cavab yoxdur və ya uşaq onu qəbul edə bilmir
ŞəraitXəstəxanaya yatış lazım deyilXəstəxanaya yatış lazım ola bilər
Diqqət

NICE eyni əsas əlamətləri sadalayır və bunları əlavə edir: uşağın ümumi vəziyyəti ağırdır və ya sepsis var, sidik axını zəifdir, qarında və ya sidik kisəsində kütlə var, kreatinin yüksəlib. Bunlardan biri varsa, SYİ atipik sayılır.

AAP 2026 təlimatı da oxşar qrupu ayırır: 1 aylıqdan kiçik yaş, E. coli olmayan törədici, sünnət olunmuş oğlan, ağır gediş (septik şok, reanimasiyaya yatış), izləmənin etibarsız olması. Bu uşaqlarda ilk febril SYİ-dən sonra MSUQ fərdi seçim kimi nəzərdən keçirilir (bax: "MSUQ və DMSA: kimə lazımdır?").

Müalicə

Ağızdan yoxsa parenteral?

  • 8–28 günlük körpə (AAP 2026, şərti, çox aşağı sübut): parenteral antibiotiklə başlanır və klinik yaxşılaşmadan sonra tezliklə ağızdan müalicəyə keçilir; yalnız parenteral müalicə tövsiyə edilmir.
  • 28 gündən böyük, 5 yaşdan kiçik uşaq (AAP 2026, güclü, çox aşağı sübut): ağızdan antibiotik; xəstəxanaya yatış tələb edən parenteral və ya ardıcıl (əvvəl venadaxili, sonra ağızdan) müalicə rutin olaraq tövsiyə edilmir. Ağızdan dərmanı qəbul edə bilən və başqa səbəbdən yatışa ehtiyacı olmayan uşaq ambulator müalicə olunur.
  • AAP-a görə parenteral və ya ardıcıl müalicə bu hallarda uyğun ola bilər: 28 gündən kiçik yaş, bakteriemiya, kritik vəziyyət, uşağın ağızdan dərman qəbul edə bilməməsi.
  • Ailənin dərmanı aptekdən vaxtında ala bilməyəcəyindən narahatlıq varsa, ağızdan müalicədən əvvəl bir doza parenteral antibiotik vurula bilər.

Tövsiyənin güclü olmasının səbəbi: ağızdan və parenteral müalicədə böyrək çapığı və qısa müddətdə təkrarlanma tezliyi eynidir, parenteral müalicə isə xəstəxanaya yatış, venaya kateter qoyularkən ağrı, dərmanın toxumaya sızması, əlavə xərc və periferik yolla qoyulan mərkəzi venoz kateterin (PICC) fəsadları (infeksiya, tromb) ilə bağlıdır.

Yaş və vəziyyətAAP 2026EAU 2026
8–28 günParenteral, sonra tezliklə ağızdanParenteral
1–2 ayAğızdan (stabil uşaqda)Parenteral (2 aylıqdan kiçik)
2 aydan böyük, stabilAğızdanAğızdan və ya parenteral (effekt eynidir)
Ağır vəziyyət, sepsis, qusmaParenteral və ya ardıcılParenteral (güclü)
Diqqət

Əsas fərq 1–2 aylıq körpələrdədir: AAP stabil uşaqda ağızdan müalicəni, EAU isə urosepsis riskinə görə parenteral müalicəni tövsiyə edir. Bu yaşda qərar uşağın vəziyyətinə və yerli imkanlara görə verilir.

Müalicə

Müalicə müddəti

AAP 2026 (şərti, aşağı sübut): SYİ-də 7 gündən uzun deyil, 7 gün və ya daha qısa antibiotik kursu tövsiyə olunur. 10 randomizə tədqiqatda qısa və uzun kurslarda təkrarlanan SYİ tezliyi eyni olub; qısa kursdan sonra davamlı törədicinin yaratdığı təkrar SYİ daha az olub, amma fərq statistik baxımdan əhəmiyyətli deyil.

UşaqKlinik vəziyyətMüddət (AAP 2026)
Aşağı risk, 2–5 yaş, anomaliya yoxdurQızdırmasız SYİ, sistit əlamətləri3–5 gün
Aşağı risk, 2–24 ayFebril SYİ5–7 gün
Aşağı risk, 2 yaşdan böyük, anomaliya yoxdurFebril SYİ, pielonefrit əlamətləri (məsələn, qızdırma ≥ 39 °C)5–7 gün
Yüksək risk, 8 gün – 2 ayFebril SYİ7–14 gün
Yüksək risk, 2 aydan böyükMəlum anomaliya, bakteriemiya və ya müalicəyə zəif cavab7–14 gün

EAU 2026: febril SYİ 4–7 gün, ağızdan və ya parenteral (güclü); sadə sistit 3–5 gün. Fokal bakterial nefritdə ümumi müddət təxminən 3 həftədir.

Klinik məsləhət

Əkmə gözlənilərkən empirik müalicəyə başlanıbsa və əkmə mənfi gəlibsə, antibiotik dayandırılır. İstisna: nümunə antibiotikdən sonra götürülübsə.

Müalicə

Dərman seçimi

  • AAP 2026: mümkün olduqda dar spektrli dərman. Ağır vəziyyətdə olmayan, tibbi cəhətdən mürəkkəb olmayan uşaqda yerli həssaslıq 80–85%-dən yüksəkdirsə, sefazolin (parenteral) və ya sefaleksin (ağızdan) seçilə bilər. Alternativlər (rezistentlik yüksək olduqda və ya dözümsüzlükdə): seftriakson, sefiksim, trimetoprim-sulfametoksazol, siprofloksasin; bunlar ehtiyatla və yerli rezistentliyə görə seçilir.
  • EAU 2026: seçim yerli rezistentliyə və əvvəlki əkmələrə görə edilir. Bütün kursun yalnız ağızdan III nəsil sefalosporinlə aparılması 2–4 gün venadaxili, sonra ağızdan davam edən müalicə qədər effektivdir.
  • Dərman əkmə nəticəsinə görə düzəldilir.
  • Deksametazon böyrək çapığını azaltmır və bu məqsədlə tövsiyə edilmir.
Diqqət

Nitrofurantoin böyrək toxumasında kifayət qədər konsentrasiya yaratmır, ona görə febril SYİ-də istifadə edilmir. Sadə sistitdə isə empirik ağızdan müalicə üçün yaxşı seçimdir.

Qızdırma uşaqların 90%-ində 24–48 saat ərzində düşür. Uyğun müalicəyə baxmayaraq davam edirsə, abses və obstruksiyanı istisna etmək üçün USM təkrarlanır.

Müalicə

Görüntüləmə: böyrək və sidik kisəsi USM-si

AAP 2026 (güclü, aşağı sübut): ilk febril SYİ keçirən 5 yaşdan kiçik hər uşaqda böyrək və sidik kisəsi USM-si aparılır. Məqsəd VUR-u deyil, struktur anomaliyaları və VUR ilə əlaqəli tapıntıları aşkar etməkdir.

  • USM VUR-u aşkar etmək üçün etibarlı deyil: ilk febril SYİ-dən sonra VUR üçün həssaslıq təxminən 50%, spesifiklik 71%. Normal USM VUR-u istisna etmir, amma yüksək dərəcəli VUR ehtimalını azaldır.
  • Febril SYİ-dən sonra uşaqların təxminən 22%-ində USM-də hansısa dəyişiklik tapılır, amma müalicəni dəyişən dəyişiklik yalnız təxminən 3%-ində (24 aylıqdan kiçiklərdə 4,5%) olur.
  • AAP-a görə USM-in kəskin dövrdə edilməsi mütləq deyil; ağır və ya atipik gedişdə isə kəskin dövrdə aparılır.

EAU 2026 (güclü): febril SYİ keçirən körpələrdə və ağır vəziyyətli uşaqlarda USM 24 saat ərzində edilir. Yatış tələb etməyən uşaqlarda sonraya planlaşdırıla bilər. Tualetə gedən uşaqlarda işəmədən əvvəl və sonra, qalıq sidiklə birlikdə.

Klinik məsləhət

Hər iki tövsiyəyə görə ilk febril SYİ-dən sonra USM lazımdır. Fərq vaxtdadır: EAU körpələrdə və ağır vəziyyətli uşaqlarda 24 saat ərzində USM tövsiyə edir, AAP isə ağır olmayan uşaqlarda USM-in müalicədən sonra ambulator aparılmasını məqbul sayır.

Müalicə

MSUQ və DMSA: kimə lazımdır?

AAP 2026 (şərti): USM normal olan, ilk febril SYİ keçirən 5 yaşdan kiçik uşaqda rutin MSUQ tövsiyə edilmir. MSUQ bu hallarda təklif olunur:

  • İlk febril SYİ-dən sonra USM-də klinik əhəmiyyətli dəyişiklik.
  • 2 yaşdan kiçik uşaqda ikinci febril SYİ.
  • 2 yaşdan böyük uşaqda ikinci febril SYİ, onu izah edən başqa risk faktoru yoxdursa.
  • Fərdi seçim kimi, ilk febril SYİ-dən sonra: 1 aylıqdan kiçik yaş, E. coli olmayan törədici, sünnət olunmuş oğlan, ağır gediş (septik şok, reanimasiya), izləmənin etibarsız olması. Nəticə patolojidirsə, uşaq uroloquna müraciət edilir.

EAU 2026 (zəif): MSUQ (və ya kontrastlı miksiya urosonoqrafiyası) seçilmiş hallarda və kəskin dövrdən sonra edilir. Nəzərə alınır: 12 aylıqdan kiçik yaşda ilk febril SYİ (tipik infeksiya və normal USM olduqda ikinci infeksiyanı gözləmək də mümkündür); təkrarlanan febril SYİ; anormal USM və ya anormal DMSA; istənilən yaşda atipik SYİ.

VəziyyətAAP 2026EAU 2026
İlk febril SYİ, normal USM, 12 aydan kiçikRutin MSUQ yoxdurMSUQ nəzərə alınır; tipik SYİ-də ikinci infeksiyanı gözləmək olar
İlk febril SYİ, normal USM, 12 aydan böyükRutin MSUQ yoxdurAdətən lazım deyil
Anormal USMMSUQ təklif olunurMSUQ nəzərə alınır
İkinci febril SYİMSUQ təklif olunur (2 yaşdan böyük uşaqda başqa səbəb yoxdursa)MSUQ nəzərə alınır
Atipik SYİFərdi seçim kimiİstənilən yaşda nəzərə alınır

DMSA: kəskin dövrdə pielonefriti göstərir; böyrək çapığını qiymətləndirmək üçün infeksiyadan ən azı 6 ay sonra edilir (EAU, zəif). Bəzi mərkəzlər əvvəl DMSA edir və MSUQ-u yalnız DMSA anormal olduqda aparır ("yuxarıdan aşağı" yanaşma). AAP DMSA-nı rutin olaraq tövsiyə etmir.

MSUQ adətən müalicə bitdikdən sonra ambulator aparılır. Ailənin izləməyə qayıda bilməyəcəyindən ciddi narahatlıq varsa, ilk yatış zamanı da edilə bilər (AAP). VUR aşkarlandıqda onun idarəsi "Vezikoureteral reflyuks" mövzusunda verilib.

Müalicə

Təkrar SYİ-nin qarşısının alınması

  • BBD: SYİ keçirən uşaqda sidik kisəsi və bağırsaq disfunksiyası, o cümlədən qəbizlik axtarılır və müalicə olunur (AAP 2026, yaxşı təcrübə bəyanatı; EAU 2026, güclü: febril və/və ya təkrarlanan SYİ keçirən, tualetə gedən hər uşaqda). Bunun üçün anamnez, fiziki müayinə və sadə skrininq sorğuları kifayətdir. Qəbizliyin müalicəsi təkrarlanmanı azaldır.
  • Qəbizliyin müalicəsi və işəmə vərdişlərinin düzəldilməsi kömək etmirsə, uşaq uşaq uroloquna və ya uşaq nefroloquna göndərilir.
  • Antibiotik profilaktikası: EAU təkrarlanan SYİ riski olan uşaqlara təklif edir (güclü). AAP aşağı riskli VUR-da (I–II dərəcə, BBD yoxdur) rutin profilaktikanı tövsiyə etmir; qərar ailə ilə birgə verilir. Ətraflı: "Vezikoureteral reflyuks" mövzusu.
  • Antibiotik olmayan tədbirlər (EAU): quşüzümü (cranberry) məhsulları təkrarlanmanı azaldır (orta sübut); probiotiklərdən yalnız əlavə vasitə kimi istifadə olunur; vitaminlər rutin təyin edilmir.
  • Fimoz: SYİ keçirən fimozlu oğlanlarda yerli steroid krem təkrarlanmanı azaldır; arxa uretral klapan və ya VUR da varsa, sünnətin faydası daha çoxdur (EAU).

Ailəyə izah edilir: uşaqda yenidən qızdırma olarsa, həkimə tez müraciət etmək və sidik analizi etdirmək lazımdır.

Müalicə

Uşaq uroloquna göndəriş

  • Atipik SYİ və ya müalicəyə 48 saat ərzində cavab olmaması.
  • USM-də klinik əhəmiyyətli dəyişiklik (genişlənmə, böyrək və ya sidik kisəsi anomaliyası).
  • MSUQ-da VUR və ya başqa patologiya.
  • Təkrarlanan febril SYİ.
  • BBD-nin ilkin müalicəyə cavab verməməsi.
  • Tibbi cəhətdən mürəkkəb uşaqlar (neyrogen sidik kisəsi, məlum anomaliya, immun çatışmazlığı): AAP-a görə bu uşaqlar ixtisaslaşmış həkimə göndərilir.
Klinik məsləhət

Pediatrın rolu: 72 saat ərzində müayinə, düzgün sidik nümunəsi, yaşa uyğun ağızdan və ya parenteral müalicə, qısa kurs, ilk febril SYİ-dən sonra USM, BBD-nin müalicəsi və risk qrupundakı uşağın uşaq uroloquna göndərilməsi.

Test

Test: Sidik yolu infeksiyası

Özünüzü yoxlayın: bir cavab seçin.

  1. 10 aylıq qızda 39 °C qızdırma var, sidik torbası ilə götürülmüş nümunənin analizində nitrit müsbətdir. Növbəti addım?

  2. 14 aylıq qızdırmalı uşağın kateter nümunəsində görmə sahəsində 12 leykosit var, əkmədə E. coli 20 000 KOE/ml artıb. AAP 2026-ya görə bu nəyi göstərir?

  3. 6 həftəlik körpədə febril SYİ var: vəziyyəti stabildir, yaxşı əmir, qusmur. Müalicə yolu ilə bağlı AAP 2026 və EAU arasında hansı fərq var?

  4. Sidik yollarında anomaliyası olmayan 3 yaşlı qızda 39,5 °C qızdırma və kostovertebral bucaqda ağrı ilə febril SYİ var. Vəziyyəti stabildir. AAP 2026-ya görə hansı müalicə uyğundur?

  5. 18 aylıq oğlan ilk tipik febril SYİ keçirib, USM normaldır. AAP 2026-ya görə MSUQ lazımdırmı?

  6. Febril SYİ keçirən uşağın USM-si normaldır. Bu nəticə nəyi göstərir?

Əlaqəli mövzular

Mövzu üzrə valideyn məqalələri

Mənbələr

  1. Alverson BK, Hains DS, Downs SM, et al. Clinical practice guideline for the diagnosis and treatment of urinary tract infection in children from 8 days to 5 years of age. Pediatrics. 2026;158(4):e2026078565.
  2. EAU Guidelines on Paediatric Urology, 2026: Urinary tract infections in children.
  3. Roberts KB; Subcommittee on Urinary Tract Infection. Urinary tract infection: clinical practice guideline for the diagnosis and management of the initial UTI in febrile infants and children 2 to 24 months. Pediatrics. 2011;128(3):595–610.
  4. Hoberman A, Wald ER, Hickey RW, et al. Oral versus initial intravenous therapy for urinary tract infections in young febrile children. Pediatrics. 1999;104(1 Pt 1):79–86.
  5. National Institute for Health and Care Excellence (NICE). Urinary tract infection in under 16s: diagnosis and management. NICE guideline NG224, 2022.

Material tibb mütəxəssisləri üçündür və qüvvədə olan klinik tövsiyələrə əsaslanır. Konkret xəstə barədə qərarı müalicə edən həkim verir.

Yenilənib:

WhatsApp ilə qəbula yazılın